• Genel

Cəlilabad rayon İcra hakimiyyətindən gələnlər bizə “nağıl danışıb”getdilər, baş həkim isə öz “iç üzünü” göstərdi.

“Ağaların müalicəsi üçün baş həkim Elnur Azadxanova müraciət etdim, amma öz iç üzünü göstərdi”
“Nə qaz, nə də işğımız var, hər gün xəstəxanaya getməyə isə imkanım yoxdur…”

Vətən savaşında qolunda qəlpə yarası alaraq ağır yaralanan əsgərlərimizdən biri də Əliyev Ağalar Habil oğludur. Moderator.az-ın əməkdaşı qazimizin yaşadığı ünvana gedib və onun döyüş yolu və sosial problemləri ilə maraqlanıb. Beləliklə, həmin yazını təqdim edirik:

 Ağaların yaxın dostu deyir ki, qazimizin çox dəhşətli həyat hekayəsi var. İki qardaş atasız analarının himayəsində böyüyüblər. Onların problemini ictimailəşdirmək lazımdır ki, köməklik olunsun. Biz adı çəkilən ünvana, Cəlilabadın Kirovka kəndinə yollanırıq. Qazimizin yaşadığı küçənin yolu ilk öncə bərbad vəziyyətdə olmasıyla diqqətimizi çəkir. Maşını saxlamağa belə yer tapmırıq, amma maşını saxlayıb düşəndə isə ayaqqabılarımız palçığa batır. Məsələ məlumdur, heç kim maraqlanmır qazi ailəsiylə. 

Bizi qazimiz Ağalar və anası Yeganə xanım qarşılayır. İkiotaqlı balaca komada yaşayan ailənin sosial durumu haqda artıq hər şey adama aydın olur. Yeganə xanım deyir ki, iki övladını atalarını itirdikdən sonra təkbaşına saxlayıb və bu yaşa çatdırıb:

“İki oğlum var. Onları yarıac-yarıtox zülümlə böyütmüşəm. Orxan əsgərliyini çəkib qayıtdıqdan sonra Ağalar hərbi xidmətə yollandı. Ağalar bu uşaq yaşında çox əziyyət çəkib. May ayında hərbi xidmətə yollandı və sentyabr ayında isə döyüşlər başladı”.

Söhbətimizə Ağalar qoşulur və öz döyüş yolunu nəql edir: “Hərbi xidmətə yollandan ancaq təlimlərdə olmuşuq. Daha sonra bizi postlara böldülər. Goranboyda xidmət edirdim. Sentyabrın 27-də isə döyüşlər başladı və biz Ağdərə, Madagiz, Talış və Suqovuşan istiqamətində əməliyyatda iştirak etdik. Oktyabrın 15-də isə düşmən minaatandan mövqelərimizi atəşə tutdu. Bu zaman minaatanın qəlpəsi qarın nahiyyəmə və sol qoluma dəydi. Nəticədə çox ağır yaralandım. Daha sonra məni ərazidən təxliyə etdilər”. 

Ağalar həmin vaxtdan müalicə olunduğunu deyir: “Əməliyyat edildikdən sonra evə buraxıldım və hazırda müalicələrim davam edir. Hər gün xəstəxanaya gedib sarğılarımı açıb bağlamağa isə maddi imkanım yoxdur. Gərək taksi çağırıb gedəm. Ona görə də yaxında bir fədakar Əkrəm adlı əczaçı var, sağ olsun hər dəfə gedirəm sarğılarımı o açıb dəyişir. Dərmanlarımı da pulsuz verir. Nə yaxşı ki, belə insanlar var. Hazırda qabırğamda 1, qolumda isə 3 qəlpə var”. 
Qazimizin anası Yeganə xanım rayonda aidiyyatı qurumların biganəliyindən gileylənir:  

“Ağaların müalicəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Elnur Azadxanova müraciət etdim, amma öz iç üzünü göstərdi. Çox laqeyd münasibət göstərdi bizə və təəssüflənib bir daha ora getmədik. Dünənsə Cəlilabad rayon İcra Hakimiyyətindən iki nəfər gəlib bizə “nağıl danışıb” getdilər”.  

Yeganə xanım nə qaz, nə də elektrik xətlərinin olduğunu deyir və aidiyyatı qurumlardan heç olmaya bu problemlərinin həll edilməsinin vacibliyini vurğulayır:

“Özünüz də görürsünüz evdə qaz yoxdu, əslində qaz xətti evin yanından keçir və sadəcə sayğac qoyub xətti evə birləşdirmək lazımdır. Elektrik xəttimiz də yoxdur, gördük ki, donuruq qonşudan xətt çəkmişik. Bu günə kimi isə hər iki problemlə bağlı dəfələrlə müraciət etmişik. Axı vətən uğrunda yaralı oğlum soyuq evdə necə müalicələrini davam etdirsin? Bu heç kim üçün maraqlı deyil?” 

 19,825 Ümumi baxış,  38 Bu gün

You may also like...

DAMĞA TV